Azərbaycandan Əlcəzair və Livana aviasiya yanacağı ixracı bərpa edilib
- 15 noyabr, 2022
- 05:53
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 95,8 milyon ABŞ dolları dəyərində 86 min t`on aviasiya yanacağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,2 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.
Hesabat dövründə Lüksemburqa 52,368 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8,5 dəfə çoxdur) 49 min 592 ton (+3,4 dəfə), Rusiyaya 10,319 milyon ABŞ dolları dəyərində (+29 dəfə) 8 min 429 ton (+18,3 dəfə), Türkiyəyə 9,952 milyon ABŞ dolları dəyərində (+11,3 dəfə) 8 min 328 ton (+7,1 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 4,658 milyon ABŞ dolları dəyərində (+104 dəfə) 3 min 833 ton (+66 dəfə), Belçikaya 2,193 milyon ABŞ dolları dəyərində 1 min 646 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Doqquz il 5 ayın tamamında Livana, 3 il 2 aylıq fasilənin ardından Əlcəzairə tədarük bərpa edilib. Həmin ölkələr Azərbaycandan müvafiq olaraq 2,88 min ABŞ dolları dəyərində 2,25 ton və 12,37 min ABŞ dolları dəyərində 10,1 ton yanacaq alıblar.
Qeyd edək ki, ötən il Azərbaycanın ixrac etdiyi (55 ölkəyə) 84,61 min ton aviasiya yanacağının 56,5 % Lüksemburqun payına düşüb.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur.