Azərbaycandan 3 Avropa ölkəsinə qaz tədarükünün həcmi açıqlanıb
- 30 iyul, 2025
- 18:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Bolqarıstan Azərbaycandan 689 milyon 280,9 min kubmetr qaz idxal edib.
“Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır.
Bolqarıstana tədarük edilən “mavi yanacağ”ın dəyəri 257 milyon 303,62 min ABŞ dolları (+14,5 %) təşkil edib. Hesabat dövründə bu ölkəyə tədarük Azərbaycandan qaz ixracının ümumi həcminin 6,7 %-ni təşkil edib.
Yanvar-may aylarında Yunanıstan Azərbaycandan 202 milyon 820,53 min ABŞ dolları (+26,9 %) dəyərində 362 milyon 768,35 min kubmetr (-7,6 %) qaz idxal edib. Bu dövrdə Azərbaycan qazının ümümi ixrac həcminin 3,5 %-i Yunanıstanın payına düşüb.
5 ayda Azərbaycan Serbiyaya 98 milyon 411,33 min ABŞ dolları (+14,2 dəfə) dəyərində 174 milyon 24,99 min kubmetr (+8,8 dəfə) qaz tədarük edib. Azərbaycandan tədarükün ümumi həcmində Serbiyanın payı 1,7 % təşkil edib.
Hesabat dövründə Azərbaycan 10 milyard 270,8 milyon kubmetrdən çox qaz (+3,6 %) ixrac edib. İxracın dəyəri 3 milyard 833,012 milyon ABŞ dollarından çox olub. Tədarük altı ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana həyata keçirilib.