Azərbaycandan 3 Avropa ölkəsinə qaz tədarükünün həcmi açıqlanıb
- 30 iyun, 2025
- 13:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Bolqarıstan Azərbaycandan 452 milyon 383,14 min kubmetr qaz idxal edib.
“Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,4 % azdır.
Bolqarıstana tədarük edilən “mavi yanacağ”ın dəyəri 169 milyon 587,85 min ABŞ dolları (-7,4 %) təşkil edib. Hesabat dövründə bu ölkəyə tədarük Azərbaycandan qaz ixracının ümumi həcminin 5,5 %-ni təşkil edib.
Yanvar-aprel aylarında Yunanıstan Azərbaycandan 163 milyon 382,06 min ABŞ dolları (+23,1 %) dəyərində 286 milyon 562,45 min kubmetr (-9,1 %) qaz idxal edib. Bu dövrdə Azərbaycan qazının ümümi ixrac həcminin 3,5 %-i Yunanıstanın payına düşüb.
4 ayda Azərbaycan Serbiyaya 66 milyon 614,11 min ABŞ dolları (+11,1 dəfə) dəyərində 128 milyon 507,96 min kubmetr (+7,6 dəfə) qaz tədarük edib. Azərbaycandan tədarükün ümumi həcmində Serbiyanın payı 1,6 % təşkil edib.
Hesabat dövründə Azərbaycan 3 milyard 65 milyon 562,12 min ABŞ dolları (+11,1 %) dəyərində 8 milyard 160 milyon 29,89 min kubmetr (+5,9 %) qaz ixrac edib. Tədarük altı ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana həyata keçirilib.