Azərbaycanda "mavi" və "yaşıl" hidrogenin istehsal qiyməti açıqlanıb
- 19 fevral, 2025
- 14:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan həm daxili, həm də beynəlxalq səviyyədə, xüsusilə Avropada rəqabətqabiliyyətli qiymətlərlə hidrogen bazarına çıxa bilər.
“Report” Azərbaycan Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birgə hazırladığı Milli Hidrogen Strategiyasına istinadən bildirir ki, karbonun tutulub saxlanması (CCS) texnologiyasının həyat qabiliyyətli olması şərtilə "mavi hidrogen" ölkədə iqtisadi cəhətdən ən səmərəli hidrogen növü olacaq. Onun bir kiloqramının qiyməti 2,87 avro təşkil edəcək ki, bunun da 1,98 avrosu enerji xərcləri, 0,31 avrosu əsaslı xərclər (CAPEX), 0,59 avrosu isə əməliyyat xərcləridir (OPEX).
Eyni zamanda, bərpa olunan enerji mənbələrindən alınan "yaşıl hidrogen”in istehsalı daha baha başa gəlir. Orta istehsal həcmlərinə malik olan zavod üçün onun qiyməti bir kiloqram üçün 4,02 avro təşkil edəcək (2,52 avro - enerji xərcləri, 1,2 avro - CAPEX, 0,3 avro - OPEX). Lakin istehsal prosesinin optimallaşdırılması nəticəsində qiymət bir kiloqram üçün 3,60 avroya qədər azaldıla bilər (enerji xərcləri - 2,55 avro, CAPEX - 0,84 avro, OPEX - 0,21 avro).
Müqayisə üçün Avropa İttifaqında "yaşıl hidrogen”in orta qiyməti bir kiloqrama görə 5,05 avroya çatır. Onun xərc strukturunda 2,74 avro enerjinin, 1,85 avro əsaslı xərclərin, 0,46 avro isə əməliyyat xərclərinin payına düşür.
Azərbaycan hidrogeninin Aİ-yə ixracı ölkə üçün əhəmiyyətli perspektivlər açır. Lakin bunun üçün yeni boru kəmərinin tikintisi tələb oluna bilər ki, bu da təchizat xərclərini bir kiloqrama görə təxminən 0,8 avro artıracaq. Buna baxmayaraq, hətta nəqliyyat xərcləri nəzərə alınmaqla belə Azərbaycan hidrogeni Avropa bazarında rəqabətqabiliyyətli olaraq qalır.
Strategiyada qeyd olunur ki, Çin istehsalı olan elektrolizatorlardan istifadə etməklə "yaşıl hidrogen”in qiymətinin əlavə olaraq azaldılması mümkündür.
Hazırda CESI şirkəti hidrogenin nəqli variantlarını araşdırır. Təhlilin nəticələrinin iqtisadi cəhətdən ən səmərəli təchizat marşrutunu müəyyən etməyə kömək edəcəyi gözlənilir.
Azərbaycan "yaşıl hidrogen”in ixracı üçün iki variantı nəzərdən keçirir. Birinci variant təbii qaz və hidrogen qarışığının Avropa bazarlarına çatdırılması üçün Cənub Qaz Dəhlizindən istifadə edilməsi, ikinci variant isə avtonom hidrogen boru kəmərinin tikintisidir.