Azərbaycanda KES və GES-lərdə istehsal olunan enerjinin həcmi açıqlanıb
- 16 noyabr, 2022
- 09:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında 73,4 milyon kVt/saat, günəş elektrik stansiyalarında 55 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 163,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlarında deyilir.
Bildirilib ki, hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 458,4 milyon kVt/saat artaraq 21 milyard 933,4 milyon kVt/saat, Su Elektrik Stansiyalarında (SES) 354,5 milyon kVt/saat artaraq 1 milyard 463,4 milyon kVt/saat, digər mənbələr Külək Elektrik Stansiyalarında (KES), Günəş Elektrik Stansiyalarında (GES) və BMTYZ üzrə isə 3,4 milyon kVt/saat artaraq 291,8 milyon kVt/saat olub.
Bu ilin 10 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 21 milyard 432,6 milyon kVt/saat (İES-lərdə 20 milyard 75 milyon kVt/saat, SES-lərdə 1 milyard 357,6 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 396,4 milyon kVt/saat (İES-lərdə 252,9 milyon kVt/saat, SES-lərdə 92,6 milyon kVt/saat, GES-də 50,9 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 55 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 864,6 milyon kVt/saat təşkil edib.