Azərbaycanda ilk üzən fotoelektrik qurğunun yarımstansiyaya qoşulacağı vaxt açıqlanıb
- 31 may, 2024
- 18:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyükşor gölünün sahilindəki gücü 100 kVt-a qədər olan ilk pilot üzən fotoelektrik qurğu (FPV) sınaqların keçirilməsi üçün iyunun 15-dək yarımstansiyaya qoşulmalıdır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin Asiya İnkişaf Bankı (ADB) üçün hazırladığı ekoloji qiymətləndirmə hesabatında deyilir.
Layihə podratçısı olan “Gamma Solutions S.L.U.” ilk olaraq pilot FPV sistemini Böyükşor gölünün cənub hissəsində 950 kvadratmetr sahədə quraşdırmışdı, amma sonradan - 2023-cü ilin dekabr ayında hökumətin qərarı ilə onu gölün şimal sahilinə köçürüb.
“Obtektə baxış zamanı müşahidə olunub ki, sahil zolağına yaxın olduğundan gölün şimal hissəsində dalğalar xeyli kiçik, tezliyi isə daha azdır. Cənub istiqamətində isə suyun daha çox hərəkətli olması dalğaların gücü və tezliyini artırır. Beləliklə, yeni təklif olunan yer 10-15 metr dərinlikdə FPV qurğuları üçün əlverişlidir”, - heabatda deyilir.
Yenidən işlənmiş iş həcminə üzən FPV adasının yerinin dəyişdirilməsi və onun lövbərlənməsi, 1 km kabelin çəkilməsi (bunun 300 m-i dayaz qazıntı tələb edir, 700 m-i isə yerin üstü ilə çəkilir) və sonrakı sınaqlar üçün yarımstansiyaya qoşulma daxildir.
Pilot sistemə həmçinin 5 kVt-a qədər gücü olan yerüstü FPV sistemi və məhsuldarlığın müqayisəsini təmin etmək, müvafiq icraçı agentliyin əməkdaşları üçün praktiki texniki təlimi asanlaşdırmaq üçün FPV sisteminin yanında yerləşən meteoroloji stansiya daxildir.
FPV və köməkçi avadanlıqların gözlənilən istifadə müddəti 40-50 ildir.
Qeyd edək ki, regiondakı 200-ə yaxın göl arasında Böyükşor gölü Abşeron yarımadasının doqquz duzlu gölünün ən böyüyüdür. Tarixən o, çirkli sular və neft axınları üçün zibilxana rolunu oynayıb. 1 195 hektar sahəni əhatə edən, maksimum uzunluğu 10 km, maksimum eni 2,3 km və orta dərinliyi 2,3 m olan göldə 2015-ci ildə ciddi bərpa işləri aparılıb.
Xatırladaq ki, layihə üç ölkədə - Azərbaycan, Qırğızıstan və Əfqanıstanda üzən günəş elektrik stansiyalarının yaradılmasına texniki dəstək göstərmək məqsədi ilə 2018-ci ilin avqustunda ADB tərəfindən təsdiqlənib. Pilot layihə Təmiz Enerji Maliyyəsi üzrə Tərəfdaşlıq Mexanizmi çərçivəsində Təmiz Enerji Fondu tərəfindən maliyyələşdirilən Bilik və Dəstək Texniki Yardımı (KSTA) qrantı ilə maliyyələşdirilib. Layihə üzrə məsləhətçi qismində “EQO-NIXUS” və AEEK şirkətləri seçilib.
Qeyd edək ki, Azərbaycan 2026-cı ilə qədər bərpa olunan enerji mənbələrinin (BOEM) ölkənin enerji balansındakı payını 24 %-ə, 2028-ci ilə qədər isə 30 %-ə çatdırmağı planlaşdırır. Ölkə BOEM-inin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt təşkil edir.