Azərbaycanda hasil edilən neftin 60 %-i AÇG yataqlar bloku hesabına olub
- 12 sentyabr, 2023
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 20,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 8 ayı üzrə operativ məlumatlarında deyilir.
Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon ton və ya 6,9 % azdır.
Hasil edilən neftin 25,6 %-i və ya 5,2 milyon tonu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,1 milyon ton və ya 1,96 % çoxdur.
Bildirilir ki, respublika üzrə neft hasilatının 12,1 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,9 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. Bu da 2022-ci ilin 8 ayının göstəriciləri ilə müqayisədə AÇG üzrə 1,7 milyon ton və ya 12,3 % azdır. “Şahdəniz” yatağı üzrə hasilatın həcmi isə ötən illə eyni səviyyədə qalıb.
Xatırladaq ki, bu ilin neft hasilatının 90 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir.
"Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizimdə "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.
"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə kontrakt imzalanıb. 2011-ci ilin sentyabrında "Total" şirkəti "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.
Bu ilin avqustun 4-də isə SOCAR, “TotalEnergies” və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının satışına dair Saziş imzalanıb.
Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti "Abşeron" qaz-kondensat yatağında 30 % iştirak payı əldə edəcək, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35 % təşkil edəcək.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.