Azərbaycanda BOEM-dən elektrik enerjisi istehsalı 55 %-dən çox artıb
- 18 fevral, 2025
- 09:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycanda bərpa olunan enerji mənbələrindən 268,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
“Report” Energetika Nazirliyinin 2025-ci ilin yanvar ayı üzrə operativ məlumatlarına istinadən xəbər verir ki, bu,2024-cü ilin eyni dövrü ilə müqayisədə 96,4 milyon kVt/saat və ya 56 % çoxdur.
Hesabat dövründə su elektrik stansiyalarında 218,3 milyon kVt/saat (68,7 % çox), külək elektrik stansiyalarında 2,9 milyon kVt/saat (50 % az), günəş elektrik stansiyalarında 26,4 milyon kVt/saat (45,1 % çox), Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 20,9 milyon kVt/saat (10,6 % çox) elektrik enerjisi istehsal edilib.
Bərpa olunan enerji mənbələrindən (BOEM) istehsal olunan elektrik enerjisnin ölkənin ümumi enerji gücündə payı 10,76 % təşkil edir.
Belə ki, ötən ay Azərbaycanda elektrik enerjisinin istehsalı 2,493 milyard kVt/saat olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur. Həmçinin istilik elektrik stansiyalarında 2 milyard 224,9 milyon kVt/saat (0,2 % az), digər mənbələr üzrə isə 50,2 milyon kVt/saat (17 % çox) elektrik enerjisi istehsal edilib.
Bu dövrdə Azərbaycan 157,4 milyon kVt/saat (35,3 % çox) elektrik enerjisi ixrac edib, idxalın həcmi isə 11,2 milyon kVt/saat (41,1 % az) təşkil edib.