Azərbaycanda bərpa olunan enerji layihələrinə güzəştli kredit və qrantlar ayrılacaq
- 20 oktyabr, 2022
- 07:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda enerji effektivliyi və bərpa olunan enerji layihələrinə güzəştli kredit və qrantların ayrılması, habelə pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov 20 oktyabr “Energetiklər günü” ilə əlaqədar rəsmi qəzetdə dərc edilən məqaləsində bildirib.
Onun sözlərinə görə, Energetika Nazirliyinin tabeliyində “Enerji Effektivliyi Fondu”nun yaradılması planlaşdırılır: “Bununla bağlı nazirlik tərəfindən Fondun Nizamnaməsinin, Fondun vəsaitlərinin formalaşdırılması və istifadəsini ehtiva edən qayda layihələri də hazırlanıb”.
O bildirib ki, bu fond yaradıldıqdan sonra onun beynəlxalq təcrübəyə əsasən idarə edilməsi və fəaliyyəti üçün dəstəyə ehtiyac yaranacaq: “Bu baxımdan, Dünya Bankı tərəfindən “Azərbaycan üçün sürətləndirilmiş texniki yardım proqramı” çərçivəsində “Enerji səmərəliliyi komponenti üzrə məsləhət xidmətlərinin göstərilməsi” layihəsinin həyata keçirilməsi planlaşdırılır. Sözügedən layihə Enerji Effektivliyi Fondunun fəaliyyətinə dəstəyin verilməsi ilə məhdudlaşmayacaq, həmçinin ölkədə ictimai binalar fondunun inventarizasiyası və onun əsasında hər bina kateqoriyası üçün enerji istehlakı göstəricilərinin qiymətləndirilməsi, habelə həmin binaların enerji effektivliyi potensialının reallaşdırılması üçün mövcud maneələrin təhlili aparılacaq. İctimai binalar sektorunda belə bir qiymətləndirmənin aparılması həmin sektorda gələcəkdə enerji effektivliyi tədbirləri üçün əsas rolunu oynayacaq”.
P.Şahbazov deyib ki, eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən Azərbaycanın elektroenergetika sektorunda fəaliyyət göstərən elektrik stansiyalarında səmərəliliyin artırılması və karbon emissiyalarının azaldılması məqsədilə “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsinin də həyata keçirilməsi nəzərdə tutulur.