Azərbaycanda 8 ildə paylayıcı elektrik şəbəkənin bərpasına yatırılan sərmayənin həcmi açıqlanıb
- 28 noyabr, 2023
- 16:38
Yeniliklərdən dərhal xəbərdar olun!
2014-cü ildən 2022-ci ilin sonuna kimi “Azərişıq” ASC-nin investisiya planı (AİP) üzrə 1,58 milyard manat (938 milyon ABŞ dolları) məbləğində investisiya qoyuluşu ilə gəlirlərin toplanmasının səmərəliliyinin artırılması ilə bağlı hədəfə tam nail olunub (2022-ci ilin sonuna 96 % təşkil edib).
Bu barədə “Report” Asiya İnkişaf Bankının (ADB) Azərbaycanın elektrik enerjisi sektoru üçün çoxtranşlı maliyyələşdirmə (MFF) proqramının başa çatması (250 milyon ABŞ dolları məbləğində birinci tranş çərçivəsində) ilə bağlı yekun hesabatına istinadən xəbər verir. Bu, ilkin nəzərdə tutulan 4,6 milyard ABŞ dollarının təxminən 22 %-ni təşkil edir.
“AİP çərçivəsində paylayıcı şəbəkənin bərpası nəticəsində üç əsas məqsədə nail olunmalı idi. Üç hədəfdən biri gəlirlərin toplanması ilə bağlı idi. Paylayıcı şirkətlərdə gəlirlərin toplanması 2014-cü ildəki elektrik enerjisi ödənişlərinin 70 % göstəricisindən 2022-ci ilin sonunadək 95 %-ə yüksəlməli idi, amma bu rəqəm 96 %-ə bərabər oldu. Digər iki hədəfdə isə hələ ki, gerilik var: tədarük olunmamış enerjinin orta illik həcmi 2014-cü ildəki 7 %-dən 2022-ci ilin sonunda 5 %-ə düşüb (hədəf 1 %-dən az olmalı idi), bütövlükdə ölkə üzrə paylayıcı şəbəkədə itkilər isə 16 %-dən təqribən 10 %-ə (hədəf 8 % idi), texniki itkilər isə 8,64 %-ə endirilib. Qarşıya qoyulan hədəflər kifayət qədər ciddi olsa da, məhdud maliyyə ilə əldə edilən nəticələr diqqətəlayiqdir və onu göstərir ki, “Azərişıq” təkcə şəbəkənin bərpasına sərmayə qoymayıb, həm də xidmətin göstərilməsini və enerji oğurluğuna nəzarəti yaxşılaşdırıb”, - hesabatda deyilir.
ADB qeyd edir ki, ən önəmlisi 2020-ci ildə Ermənistan və Azərbaycan arasındakı münaqişədən və paylayıcı şəbəkənin daha əvvəl “Azərişığ”ın əhatə etmədiyi ərazilərə “yayılması” zərurətindən sonra bərpa ehtiyaclarını ödəmək üçün 2021-2022-ci illərdə daha böyük investisiyaların tələb olunmasına baxmayaraq, birinci tranş bağlandıqdan sonra da paylayıcı sisteminin effektivliyinin pisləşməməsidir.
“2020-2022-ci illər ərzində xarici borclanma olmadığına görə Azərbaycan əsasən büdcə dəstəyinə və hökumətin kapital qoyuluşlarına bel bağlamalı olub və belə məhdud illik kapital xərcləri ilə “Azərişıq” öz inkişaf proqramını mümkün olduğu qədər davam etdirib”, - hesabatda göstərilib.
ADB-dən vurğulanıb ki, “Azərişıq” sərmayələri ağıllı şəkildə prioritetləşdirmək və faydaları maksimum dərəcədə artırmaq üçün lazım olan hər şeyə malikdir. “Əsas diqqət paylayıcı sistemin yüksək itkili sahələrinə (yəni əsasən 0,4–10 kV səviyyələrində olan yerlərə) yönəldilib. “Azərişıq” mənfəət-xərc təhlili aparıb, maliyyə və digər nəticələri tam anlamaq üçün hər bir layihənin hüquqi aspektlərini öyrənib. Ümumilikdə AİP paylayıcı şəbəkənin yenidən qurulmasına əslində sərf olunandan xeyli artıq investisiyalar tələb edirdi. Hətta bu səbəbdən “Azərişıq” 2023-2027-ci illər üzrə təsdiq edilmiş strateji inkişaf planını (ASDP) hazırlayıb”, - bankdan qeyd olunub.
Hesabata əsasən, 1 milyon 582,5 min manatlıq (938,4 milyon ABŞ dolları) ümumi investisiyadan dövlət vəsaiti hesabına irimiqyaslı investisiya layihələrinə 717,1 milyon manat (422,5 milyon ABŞ dolları), digər mənbələr (“Azərişıq”) hesabına isə 865,4 milyon manat (515,8 milyon ABŞ dolları) yönəldilib. Eyni zamanda, 2022-ci ildə 305 milyon manat (179,4 milyon ABŞ dolları), müvafiq olaraq 189,8 milyon manat (111,6 milyon ABŞ dolları) və 115,2 milyon manat (67,8 milyon ABŞ dolları) investisiya qoyuluşu edilib. 8 il ərzində ən böyük investisiya 2017-ci ildə qoyulub - 374 milyon manat (217,4 milyon ABŞ dolları), bunun 116,4 milyon manatı (67,7 milyon ABŞ dolları) dövlət vəsaiti, 257,6 milyon manatı (149,8 milyon ABŞ dolları) “Azərişığ”ın hesabına qarşılanıb. Ən kiçik həcm isə pandemiya dövründə - 2020-ci ildə olub - 77,5 milyon manat (45,6 milyon ABŞ dolları), müvafiq olaraq 27,6 milyon manat (16,2 milyon ABŞ dolları) və 49,9 milyon manat (29,3 milyon ABŞ dolları).