Azərbaycana və Mərkəzi Asiya ölkələrinə əlavə neft marşrutlarını inkişaf etdirmək təklif olunur
- 24 aprel, 2026
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan, Qazaxıstan və Türkmənistan mövcud neft tədarükü marşrutlarını əvəzləməli deyil, əlavə tədarük marşrutlarını inkişaf etdirməlidir.
"Report" xəbər verir ki, bunu "Central Asia Marketing" şirkətinin təsisçisi və direktoru Kolin Nesbet Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumu"nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Xəzərin hər iki tərəfində dəmir yolu və liman infrastrukturuna əhəmiyyətli investisiya qoyuluşu tələb olunur: "Uzaqdan yanalma qurğularının quraşdırılması əsas həll yollarından biri ola bilər. Mahiyyət bundan ibarətdir ki, qurğular dənizdə sahildən 2-3 kilometr məsafədə yerləşdirilir. Xüsusilə Bakı və Kurık sahillərində APL şirkətinin dəstəklədiyi SAL sistemi istifadə oluna bilər. Tankerin saxlanması üçün yedək gəmilərin tələb olunduğu ənənəvi uzaqdan yanalma qurğularından fərqli olaraq, SAL texnologiyası bu ehtiyacı aradan qaldırır".
K.Nesbet vurğulayıb ki, istehsalçıların böyük həcmlərin tədarükü üzrə ciddi öhdəliklər götürməsi mütləq deyil: "Gözlənilməz hallar üçün müqavilələr" (contingency contracts) həll yolu ola bilər. Bu, həyat qabliyyətli modeldir: istehsalçılar Qazaxıstan və Azərbaycanda güclərin modernləşdirilməsinə investisiya yatıraraq "trigger müqavilə" bağlayırlar. Kəskin ehtiyac yarandıqda marşrut aktivləşdirilir. İnfrastruktur artıq hazırdır və bu, tranzit ölkələri üçün əlverişlidir".
O əlavə edib ki, hətta nisbətən kiçik həcmlər, məsələn, ümumi hasilatın 40 milyon ton olduğu şəraitdə ildə 5 milyon ton neft etibarlı ehtiyat marşrutunun mövcudluğunu təmin etməyə imkan verir: "İşgüzar əlaqələrin və marşrutun hazırlığının qorunması üçün Bakı istiqamətində və daha sonra Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə fasiləsiz neft axınının dəstəklənməsi vacibdir. Qazaxıstanın yüngül kondensatı üçün BTC yeganə mümkün variant olaraq qalır, sonrakı tədarüklər isə Gürcüstan ərazisindən dəmir yolu ilə həyata keçirilir".