Azərbaycana Türkmənistandan aviasiya yanacağı idxalının azalma səbəbləri açıqlanıb

Energetika
  • 23 may, 2023
  • 09:10
Azərbaycana Türkmənistandan aviasiya yanacağı idxalının azalma səbəbləri açıqlanıb

2022-ci ildə Azərbaycana idxal edilən aviasiya yanacağının (kerosin yanacağı) bütün həcmləri Türkmənistandan həyata keçirilib.

Bu barədə “Report” neft-qaz sahəsi üzrə ixtisaslaşmış “Argus” agentliyinin hesabatına istinadən məlumat verib.

Bildirilib ki, ötən il bu ölkədən Azərbaycana 70,6 min ton aviasiya yanacağı idxal edilib ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 4 min ton və ya 5,36 % azdır.

Kerosin idxalını stimullaşdırmaq məqsədilə Azərbaycan hökuməti ilin ikinci yarısında aksiz və gömrük rüsumlarını ləğv edib. Bu qərar 2023-cü ilin sonuna qədər qüvvədədir.

Ölkədə tələbatın mövsümi artımı dövründə kerosin istehlakı hava ilə sərnişin və yük daşımalarının artması ilə əlaqədar olaraq ayda 30-35 min tondan 50-55 min tona qədər yüksəlir. Sənaye mənbələri hesab edirlər ki, kerosin idxalı yaz və yay aylarında, hava nəqliyyatından istifadənin artması dövründə yanacaq çatışmazlığından yan keçməyə imkan verir.

Bundan əlavə, ticarət şirkətləri Türkmənistandan "KO-20" və "KT-2" növ kerosinləin Bakı Neft Emalı Zavodunda emal etmək və sonradan "TS-1" növ aviasiya kerosinin istehsalı üçün tankerlərlə çatdırır. Onların fikrincə, həmin yanacağın bir hissəsi daha sonra Əfqanıstana ixrac olunur. 2022-ci ildə kerosinin Bakı Neft Emalı Zavoduna tədarükü ötən il cəmi 4 min tona yaxın olub. Daha əvvəlki ildə bu göstərici 60,1 min ton təşkil edib.

İdxalın azalması aprel-may aylarında Bakı Neft Emalı Zavodunun profilaktik təmiri, eləcə də ötən ilin birinci yarısında Rusiya və Ukraynaya sərnişin reyslərinin bir hissəsinin ləğv edilməsi ilə əlaqədar kerosinə tələbatın müəyyən qədər azalması ilə bağlıdır.