Azərbaycan Yunanıstana qaz ixracını bir ildə təqribən 26 % artırıb
- 12 dekabr, 2023
- 08:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Yunanıstana 882 milyon 876,42 min kubmetr təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Yunanıstana ixrac edilən təbii qazın dəyəri 787 milyon 937,54 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin 9 ayı ilə müqayisədə həcm baxımından 181 milyon 152,15 min kubmetr (25,8 %) çoxdur, məbləğ baxımından isə illik müqayisədə 147 milyon 577,55 min ABŞ dolları (15,8 %) azdır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, ümumiyyətlə 11 milyard 409 milyon 531,09 min ABŞ dolları dəyərində 20 milyard 420 milyon 595,61 min kubmetr həcmində təbii qaz ixrac edib.
Azərbaycanın ümumi ixracında təbii qazın payı 43,07 % olub.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 % artım ilə) təşkil edib.
2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək.