Azərbaycan Yunanıstana qaz ixracını 33 %-dən çox artırıb

Energetika
  • 18 yanvar, 2024
  • 08:57
Azərbaycan Yunanıstana qaz ixracını 33 %-dən çox artırıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Yunanıstana 1 milyard 39 milyon 929,8 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Yunanıstana ixrac edilən təbii qazın dəyəri 857 milyon 537,18 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə həcm baxımından 181 milyon 027,48 min kubmetr (33,4 %) çoxdur, məbləğ baxımından isə illik müqayisədə 319 milyon 860,51 min ABŞ dolları (24,9 %) azdır.

Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumiyyətlə 24 milyard 379 milyon 905,36 min kubmetr həcmində təbii qaz ixrac edib. İxrac edilən təbii qazın dəyəri 12 milyard 775 milyon 689,97 min ABŞ dolları təşkil edib. İl ərzində təbii qazın həcmi 30,74 % artıb, dəyəri isə 13,72 % azalıb.

Azərbaycanın ümumi ixracında təbii qazın payı 40,54 % olub.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 % artım ilə) təşkil edib.