Azərbaycan Yunanıstana qaz ixracını 23 %-dən çox artırıb
- 18 dekabr, 2023
- 08:35
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Yunanıstana 960 milyon 364,36 min kubmetr təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Yunanıstana ixrac edilən təbii qazın dəyəri 822 milyon 079,35 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin 10 ayı ilə müqayisədə həcm baxımından 181 milyon 027,48 min kubmetr (23,2 %) çoxdur, məbləğ baxımından isə illik müqayisədə 319 milyon 860,51 min ABŞ dolları (28 %) azdır.
Bu ilin yanvar-oktyabr ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 22 milyard 916 milyon 030,25 min kubmetr həcmində təbii qaz ixrac edib. 10 ayda Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 12 milyard 271 milyon 972,13 min ABŞ dolları təşkil edib.
Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci ilin ilk 10 ayındakı dövründən 24,68 % çox, dəyəri isə 16,25 % azdır. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 41,82 % olub.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 % artım ilə) təşkil edib.
2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək.