Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 17 %-dən çox artırıb

Energetika
  • 13 avqust, 2025
  • 15:10
Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 17 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 501 mənzil alıblar.

Bu barədə “Report” Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə olaraq 74 mənzil və ya 17,3 % çoxdur.

Təkcə iyul ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 93 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə olaraq 5 mənzil və ya 5,7 % çoxdur.

İyul ayında Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Türkiyədə xarici vətəndaşlara 11 342 mənzil satılıb. Bu, 2024-cü eyni dövrü ilə müqayisədə 1 587 mənzil və ya 12,3 % azdır.

Təkcə iyulda isə xaricilər Türkiyədə 1 932 mənzil alıblar ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə olaraq 449 mənzil və ya 18,8 % azdır.

Hesabat dövründə Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən 7 ay ərzində 1 970 mənzil satılıb. Bu, ötən ilin ilk 7 ayı ilə müqayisədə 938 ədəd və ya 32,2 % azdır.

Təkcə iyulda isə rusiyalılar Türkiyədə 315 mənzil alıblar ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 170 ədəd və ya 35 % azdır.

Növbəti yeri İran vətəndaşları tutublar. Onlar bu ilk 7 ayında bu ölkədə 970 mənzil satılıb ki, bu da illik müqayisədə 251 ədəd və ya 20,5 % azdır.

İyul ayında iranlılara 152 mənzil satılıb ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 1 mənzil və ya 0,7 % çoxdur.

Qeyd edək ki, iyunda Türkiyədə mənzil alışına görə dördüncü pillədə olan Almaniya vətəndaşları ötən ay ilk üçlükdə qərarlaşıblar. Onlar ötən ay üçüncü yerdə olan Ukrayna vətəndaşlarını qabaqlayıblar.

Belə ki, yanvar-iyul aylarında Almaniya vətəndaşları Türkiyədə 690 mənzil sahib olublar. Bu da 2024-cü ilin 7 ayı ilə müqayisədə 27 mənzil və ya 4,07 % çoxdur.

İyul ayında isə almanlar Türkiyədə 135 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 27 mənzil və ya 16,7 % azdır.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar.