Azərbaycan-Türkiyə Enerji Forumu tərəfdaşlığı zənginləşdirən mühüm platformadır - YENİLƏNİB
- 11 sentyabr, 2026
- 12:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan-Türkiyə Enerji Forumu enerji tərəfdaşlığını davamlı inkişaf etdirən və yeni əməkdaşlıq istiqamətləri ilə zənginləşdirən mühüm platformadır.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında keçirilən ikitərəfli görüşdə bildirilib.
Görüşdə ortaq tarixə, milli köklərə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının son illərdə müttəfiqlik səviyyəsinə yüksəlməsinin enerji əməkdaşlığına da yeni məzmun qazandırdığı qeyd olunub. Birgə enerji layihələrinin iki ölkənin və regionun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu vurğulanıb. İkitərəfli və regional enerji gündəliyində duran məsələlərin cari vəziyyəti nəzərdən keçirilib.
Qlobal enerji arxitekturasında baş verən dəyişikliklər və elektrikləşmənin sürətlənməsi fonunda artan enerji tələbatının elektrik enerjisi bağlantılarının strateji əhəmiyyətini artırdığı bildirilib. Bu kontekstdə Naxçıvan və Gürcüstan üzərindən Azərbaycan-Türkiyə elektrik enerjisi bağlantılarının və yaşıl enerji dəhlizlərinin inkişafı, həmçinin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə, həmçinin Türkiyənin bu ilin noyabrında COP31-ə ev sahibliyi çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. COP31-in "Enerji və Nəqliyyat Günü" çərçivəsində nəzərdə tutulan tədbirlər, eləcə də Azərbaycanın COP29 Sədrliyi dövründə irəli sürdüyü enerji təşəbbüslərinin davam etdirilməsi imkanları nəzərdən keçirilib. Elektrik enerjisi bağlantıları və yaşıl enerji dəhlizləri üzrə birgə layihələrin COP31-in təmiz enerji keçidi və elektrikləşmə prioritetləri ilə uzlaşdığı vurğulanıb. Azərbaycanın COP29 Sədrliyi çərçivəsində qazandığı təcrübəni bölüşərək COP31-ə ev sahibliyi edəcək qardaş Türkiyəyə dəstək verməyə hazır olduğu bildirilib.
Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin enerji gündəliyi müzakirə edilib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Bu barədə müzakirələr P. Şahbazovun Bakıda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşündə aparılıb.
Nazir bildirib ki, rəqəmsallaşma və elektrikləşmə kimi qlobal trendlərə uyğun elektrik enerjisi üzrə əməkdaşlığı gücləndirməyin vacibliyini vurğulanıb: "Naxçıvan və Gürcüstan üzərindən elektrik enerjisi bağlantıları, "yaşıl enerji" dəhlizləri, o cümlədən "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığı dəyərləndirdik. COP29-un enerji təşəbbüslərinin COP31-də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və qardaş Türkiyəyə dəstəyimizi ifadə etdik".