Azərbaycan Türkiyəyə qaz satışından qazancını 59 %-ə yaxın artırıb

Energetika
  • 18 yanvar, 2024
  • 11:38
Azərbaycan Türkiyəyə qaz satışından qazancını 59 %-ə yaxın artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyəyə 10 milyard 263 milyon 265 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Türkiyəyə ixrac edilən Azərbaycan qazının dəyəri 3 milyard 503 milyon 806,09 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə həcm baxımından 3 milyard 409 milyon 605,79 min kubmetr (49,7 %), məbləğ baxımından isə 1 milyard 295 milyon 532,26 min ABŞ dolları (58,7 %) çoxdur.

Gömrük bəyannamələrinə əsasən, hesabat dövründə Azərbaycan ümumiyyətlə 24 milyard 379 milyon 905,36 min kubmetr həcmində təbii qaz ixrac edib. İxrac edilən təbii qazın dəyəri 12 milyard 775 milyon 689,97 min ABŞ dolları təşkil edib. İl ərzində təbii qazın həcmi 30,74 % artıb, dəyəri isə 13,72 % azalıb.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana təbii qaz Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə nəql edilir. CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), TPAO (19,00 %), NİKO (10,00 %) çıxış edirlər.