Azərbaycan Türkiyəyə neft satışını 4 dəfəyədək artırıb
- 19 iyun, 2023
- 06:10
Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 787 min 854,48 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 459 milyon 921,20 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-may aylarında ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin 5 ayının göstəriciləri ilə müqayisədə 3,6 dəfə, dəyəri isə 3,9 dəfə çoxdur.
Bu ilin ilk 5 ayında Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 6,7 % olub.
Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 752 min 575,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 220 milyon 253,42 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 5 aylıq xarici ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.