Azərbaycan Türkiyəyə neft satışından qazancını 35 % artırıb
- 19 dekabr, 2022
- 13:37
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 587 min 212,56 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 375 milyon 428 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 2,03 % az, dəyəri isə 34,9 % çoxdur.
Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 2,41 % olub.
Xatırladaq ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 milyon 318 min 448,83 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 18 milyard 318 milyon 642,45 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin 11 ayında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 36 milyard 336 milyon dolları ixracın, 12 milyard 881 milyon dolları isə idxalın payına düşüb.