Azərbaycan Türkiyəyə neft satışından qazancını 20 % artırıb

Energetika
  • 18 oktyabr, 2022
  • 09:59
Azərbaycan Türkiyəyə neft satışından qazancını 20 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyəyə 359 min 203,9 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 211 milyon 984,7 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin 9 ayın göstəriciləri ilə müqayisədə 12,64 % az, dəyəri isə 20,3 % çoxdur.

Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 1,84 % olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 milyon 514 min 162,77 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 14 milyard 897 milyon 429,93 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.