Azərbaycan TANAP ilə 40 milyard kubmetr qaz nəlq edib
- 13 yanvar, 2023
- 09:55
Ötən il Azərbaycan təbii qazını Türkiyəyə, oradan isə Avropaya nəql edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 5,8 milyard kubmetr, Avropaya isə 11,3 milyard kubmetr qaz göndərilib.
“Report”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, kəmər istismara verildiyi vaxtdan Türkiyəyə ümumilikdə 20,5 milyard kubmetr, Avropaya isə 19,5 milyard kubmetr qaz nəql olunub.
Beləliklə, Rusiya qazını Türkiyəyə nəql edən “Türk axını” və TANAP istismara verildiyi gündən etibarən həyata keçirilən qaz nəqlinin həcmi ümumilikdə 97 milyard kubmetr səviyyəsinə çatıb.
Qeyd edək ki, TANAP Türkiyə-Gürcüstan sərhədində birbaşa Cənub Qaz Boru Kəməri (SCP) ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə birləşir. TANAP-la bağlı Azərbaycan və Türkiyə respublikaları arasında Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP layihəsi üzrə Türkiyə və TANAP şirkəti arasında “Tranzit Ərazisinə Malik Ölkənin Hökuməti ilə Saziş” və Azərbaycan ilə Türkiyə arasında “Hökümətlərarası Saziş” 26 iyun 2012-ci il tarixində imzalanmış və hər iki dövlətin müvafiq hüquqi instansiyaları tərəfindən ratifikasiya olunub.
TANAP layihəsi nəinki “Şahdəniz” yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli iqtisadi dəyərə sahibdir. TANAP-ın təməlqoyma mərasimi 17 mart 2015-ci il tarixində keçirilib. Boru kəmərinin uzunluğu 1 793 km (və əlavə 2 ədəd 18 785 km-lik Çanaqqala Boğazından keçən sualtı kəmər) təşkil edir və 30 iyun 2018-ci il tarixində fəaliyyətə başlayıb. İlkin ötürücülük gücü illik 16,2 milyard kubmetr təşkil edir və illik 30,7 milyard kubmetrə kimi artırılacaq.