Azərbaycan şirkəti Pakistanda neft kəməri layihəsinə potensial səhmdar qismində iştiraka dəvət alıb

Energetika
  • 25 fevral, 2025
  • 19:30
Azərbaycan şirkəti Pakistanda neft kəməri layihəsinə potensial səhmdar qismində iştiraka dəvət alıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistanda həyata keçirilən “White Oil Machike-Thallian-Tarujabba” neft kəməri layihəsinə potensial səhmdar qismində dəvət olunub.

Bu barədə "Report" Pakistanın "Mettis Global News" nəşrinə istinadən xəbər verir.

Fevralın 24-də Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında neft sektorunda əməkdaşlığın genişləndirilməsinə dair əvvəl imzalanmış sənədlərin mübadiləsi aparılıb.

SOCAR bu çərçivədə Pakistanın “Frontier Works Organization” (FWO) mühəndislik və tikinti təşkilatı, eləcə də “Pakistan State Oil Company Limited” (PSO) ilə Anlaşma Memorandumu imzalayıb. Memorandum “White Oil Machike-Thallian-Tarujabba” neft kəməri layihəsində tərəflər arasında əməkdaşlığı nəzərdə tutur. Layihə Pakistanın Qasim limanını Qasba Qucratdakı “Pak-Arab” neft emalı zavodu ilə birləşdirəcək və ölkənin şimal regionlarını boru kəməri infrastrukturu ilə əlaqələndirməyə yönəlib.

Bundan əlavə, SOCAR, PSO və “Pakistan Refinery Limited” (PRL) arasında digər memorandum PRL neft emalı zavodunun modernləşdirilməsi üçün konsaltinq dəstəyi, layihələrin idarə edilməsi və texniki xidmətlər sahəsində əməkdaşlığı əhatə edir. Sazişə əsasən, tərəflər texniki-iqtisadi əsaslandırma, layihələndirmə, texniki məsləhətləşmələr, risklərin qiymətləndirilməsi və azaldılması, eləcə də satınalma və müqavilələrin bağlanması sahəsində təcrübə mübadiləsi aparacaq.

Eyni zamanda, PSO və “SOCAR Trading SA” arasında imzalanmış Anlaşma Memorandumu Sinqapurda birgə ticarət şirkətinin yaradılmasını nəzərdə tutur. Bu əməkdaşlıq Pakistanda enerji təchizatı zəncirinin etibarlılığını artırmaq və bazar imkanlarından istifadə etmək məqsədi daşıyır.

Bundan başqa, “SOCAR Trading SA” və “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz (LNG) partiyalarının alqı-satqısına dair çərçivə sazişi də imzalanıb. Bu razılaşma 2024-cü il dekabrın 26-da bağlanmış müqavilənin rəsmi təsdiqidir.

44 filmi