Azərbaycan şirkəti Özbəkistanda 3 elektrik yarımstansiyasını yenidən quracaq

Energetika
  • 23 iyul, 2024
  • 12:59
Azərbaycan şirkəti Özbəkistanda 3 elektrik yarımstansiyasını yenidən quracaq

“Azenco” ASC Özbəkistanın regionlarında yerləşən 3 elektrik yarımstansiyasının modernləşdirilməsini və yenidən qurulmasını həyata keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Özbəkistanın Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan şirkəti Fərqanə, Xorəzm və Daşkənd vilayətlərindəki 110 kilovoltluq 2A, “Xəzorasp” və “Çinoz” yarımstansiyalarının modernləşdirilməsi və yenidən qurulması üzrə elan edilmiş beynəlxalq tenderlərin qalibi olub. Şirkətlə iyulun 19-da müvafiq satınalma müqaviləsi imzalanıb.

Görüləcək işlər nəticəsində təxminən 100 MVA (meqavolt-amper) əlavə güc yaradılacaq. Bu da öz növbəsində adı çəkilən vilayətlərin sakinlərinin və sənaye müəssisələrinin enerji ilə təchizatının etibarlılığını bir neçə dəfə artıracaq.

İşlər Dünya Bankının iştirakı ilə “Özbəkistan Milli Elektrik Şəbəkələri” ASC-nin həyata keçirdiyi “Elektrik enerjisi sektorunun transformasiyası və elektrik enerjisinin dayanıqlı ötürülməsi” investisiya layihəsi çərçivəsində həyata keçiriləcək. Layihə Özbəkistanda cəmi 22 yarımstansiyanın (110-500 kV-luq) modernləşdirilməsini və yenidən qurulmasını nəzərdə tutur.

“Azenco” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,837 milyon manatdır. Şirkətin səhmlərinin 97,6 %-i “İnterenerji” MMC-yə, 2,4 %-i fiziki şəxslərə məxsusdur.