Azərbaycan Serbiyaya qaz tədarükünün həcmini açıqlayıb

Energetika
  • 18 iyul, 2024
  • 13:26
Azərbaycan Serbiyaya qaz tədarükünün həcmini açıqlayıb

Bu ilin əvvəlindən Azərbaycan Serbiyaya 20 milyon kubmetrə yaxın təbii qaz ixrac edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Azərbaycan qazının Serbiyaya tədarükü 2024-cü ilin fevralında başlayıb.

Bu ilin fevral-may aylarında Serbiyaya 5 milyon 991,84 min ABŞ dolları dəyərində 19 milyon 875,18 min kubmetr qaz tədarük edilib.

Statistikaya görə, təkcə may ayında Azərbaycan Serbiyaya 952,88 min ABŞ dolları dəyərində 3 milyon 041,03 min kubmetr qaz ixrac edib.

Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınan (bəyan olunan) həcmlərdən gedir.

Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” şirkəti arasında 2024-cü ildən başlayaraq Azərbaycan qazının Serbiyaya tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilə 2024-2026-cı illərdə 400 milyon kubmetrə qədər təbii qazın tədarükünü nəzərdə tutur. Gələcəkdə isə bu həcmlərin artırılması planlaşdırılır.