Azərbaycan qazının İtaliyaya tədarükü 3 %-dən çox artıb

Energetika
  • 25 oktyabr, 2024
  • 12:08
Azərbaycan qazının İtaliyaya tədarükü 3 %-dən çox artıb

Bu ilin yanvar- avqust aylarında Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz nəqli 6,741 milyard kubmetr təşkil edib.

“Report” bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.

Ümumilikdə, bu ilin yanvar-avqust aylarında İtaliya 38,999 milyard kubmetr təbii qaz idxal edib ki, bu da bir il əvvəlki göstəricidən 3 % azdır. Bu müddət ərzində Azərbaycan qazının payı 17,3 % təşkil edib.

Qurumdan bildirilib ki, bu ilin avqustda ayında Azərbaycan qazının İtaliyaya tədarükü 665 milyon kubmetr (ötən ilin avqust ayı ilə müqayisədə 19,2 % az) təşkil edib.

Avqustda İtaliyaya ümumi təbii qaz idxalı 3,726 milyard kubmetr (11,5 % çox) təşkil edib. Azərbaycandan nəql edilən qazın payı 9,6 % təşkil edib.

Nazirliyin məlumatına görə, ötən il İtaliya Azərbaycandan TAP vasitəsilə 9,988 milyard kubmetr qaz (2022-ci ilin səviyyəsi ilə müqayisədə 3,2 % az) alıb. 2024-cü ildə Azərbaycan İtaliyaya 9,6 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır.

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.