Azərbaycan qazının alıcıları arasında Türkiyə liderliyini qoruyub
- 21 iyun, 2024
- 06:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyəyə 3 milyard 186 milyon 785,22 min kubmetr qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Məlumatla görə, hesabat dövründə Türkiyəyə tədarük edilən Azərbaycan qazının dəyəri 1 milyard 006 milyon 695,91 min ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi kəmiyyət ifadəsində 40,2 % və ya 914 milyon 360,32 min kubmetr artıb. Dəyər ifadəsində artım 5,9 % və ya 56 milyon 385,45 min ABŞ dolları olub.
Ümumilikdə, 2024-cü ilin I rübündə Azərbaycan 2 milyard 758 milyon 782,82 min ABŞ dolları (49,1 % az) dəyərində 7 milyard 706 milyon 860,61 min kubmetr qaz (18,3 % çox) ixrac edib.
Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP 3-ə Türkiyə, İtaliya və Bolqarıstan daxildir. Eyni zamanda, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan ixrac edilən bütün qazın 41,3 %-ni Türkiyə Azərbaycan qazının alışında birinci yeri tutub.
Ümumilikdə, hesabat dövründə Azərbaycan 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz ixrac edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Türkiyəyə 3 milyard 681 milyon 484,94 min ABŞ dolları (66,7 % çox) dəyərində 10 milyard 854 milyon 265 min kubmetr qaz (2022-ci illə müqayisədə 58,4 % çox) ixrac edib.
Qeyd edək ki, Azərbaycanın “Şahdəniz” yatağında hasil edilən təbii qaz Türkiyəyə ixrac edilir. Türkiyə bazarına ilk Azərbaycan qazı Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə 2007-ci ildə daxil olub. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə qazın kommersiya nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.