Azərbaycan polietilen ixracından qazancını 1 %-dən çox artırıb
- 19 iyun, 2025
- 16:32
Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 52 min 195,65 ton ilkin formalarda polietilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 59 milyon 771,7 min ABŞ dolları təşkil edib.
Ötən ilin ilk 5 ayının göstəricisi ilə müqayisədə məhsulun həcmi 5,4 % azalıb, dəyəri isə 1,1 % artıb.
Hesabat dövründə polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,25 %, ölkənin ümumi ixracında payı isə 0,5 % olub.
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2 % az, idxal isə 36,5 % artıb.
Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.