Azərbaycan neftinin növbəti 5 il üçün ehtimal olunan qiyməti açıqlanıb

Energetika
  • 07 fevral, 2024
  • 12:47
Azərbaycan neftinin növbəti 5 il üçün ehtimal olunan qiyməti açıqlanıb

2024-cü ildə Azərbaycan neftinin hər bir bareli üçün dünya bazarlarında ehtimal olunan orta satış qiyməti 81,9 ABŞ dolları təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “IMF-nin yaradılması haqqında” Sazişinin IV maddəsinə uyğun olaraq fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məsləhətləşmələrin nəticələrinə dair hesabatında deyilir.

Hesabata əsasən, bu, 2023-cü ilin ehtimal olunan qiyməti ilə müqayisədə 0,60 ABŞ dolları və ya 0,73 % azdır.

IMF-in hesablamalarına görə, 2025-ci ildə bu göstərici 78 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnoz qiyməti ilə müqayisədə 3,90 ABŞ dolları və ya 4,77 % azdır.

2026-cı ildə isə 2025-ci ilin proqnozu ilə müqayisədə Azərbaycan neftinin hər bareli üçün ehtimal olunan orta satış qiyməti 3,3 ABŞ dolları və ya 4,23 % azalaraq 74,7 ABŞ dolları təşkil edəcək.

2027-ci ildə bu göstərici 71,9 ABŞ dolları təşkil edəcək ki, bu da 2026-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 2,8 ABŞ dolları və ya 3,75 % azdır.

IMF hesab edir ki, 2028-ci ildə “AzerLight”ın bir bareli ehtimal olunan orta satış qiyməti 69,5 ABŞ dolları təşkil edəcək. Bu da 2027-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 2,4 ABŞ dolları və ya 3,34 % azdır.

Ümumilikdə isə Azərbaycan neftinin qiyməti növbəti 5 il ərzində 12,4 ABŞ dolları və ya 15,14 % azalacağı proqnozlaşdırılır.

44 - Tezliklə