Azərbaycan neft koksu ixracının həcmini açıqlayıb

Energetika
  • 17 may, 2024
  • 12:30
Azərbaycan neft koksu ixracının həcmini açıqlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 81 min 155,14 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 3 milyon 581,98 min ABŞ dolları təşkil edib.

Bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə müvafiq olaraq 19,2 % və 5,4 dəfə azdır.

Neft koksunun ölkənin ümumi ixracında payı 0,08 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,1 % az, idxal isə 3,1 % çoxdur.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.