Azərbaycan neft koksu ixracından qazancını 4 dəfəyədək artırıb

Energetika
  • 15 aprel, 2023
  • 05:41
Azərbaycan neft koksu ixracından qazancını 4 dəfəyədək artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 72 min 844,01 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 29 milyon 934,37 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci il ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 66,6 % və 3,6 dəfə çoxdur.

Hesabat dövründə neft koksunun ölkənin ümumi ixracdakı payı 0,39 % olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 3 aylıq xarici ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

44 - Tezliklə