Azərbaycan neft koksu ixracından qazancını 2,5 dəfə artırıb

Energetika
  • 16 dekabr, 2022
  • 14:07
Azərbaycan neft koksu ixracından qazancını 2,5 dəfə artırıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 152 min 089 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 57 milyon 498 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci il ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 41,45 % az və 2,5 dəfə çoxdur.

Hesabat dövründə neft koksunun ölkənin ümumi ixracındakı payı 0,16 % olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 336 milyon ABŞ dolları ixracın, 12 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.