Azərbaycan neft bitumu ixracını 2 dəfədən çox artırıb

Energetika
  • 17 avqust, 2026
  • 11:18
Azərbaycan neft bitumu ixracını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 9 min 768,44 ton neft bitumu ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 2 milyon 879,99 min ABŞ dolları təşkil edib.

Bu, 2025-ci ilin 7 ayı ilə müqayisədə müvafiq olaraq 2,4 dəfə və 2,7 dəfə çoxdur.

Ötən 7 ay ərzində neft bitumunun ölkənin ümumi ixracında payı 0,01 % olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Ai-92", dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.