Azərbaycan neft bitumu ixracından qazancını açıqlayıb
- 17 oktyabr, 2023
- 10:52
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə 1 milyon 622,63 ton neft bitumu ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 403,84 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 54,7 dəfə və 62,8 dəfə azdır.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.