Azərbaycan MOL şirkətinin kapital qoyuluşlarına görə birinci yerdədir

Energetika
  • 12 avqust, 2024
  • 06:28
Azərbaycan MOL şirkətinin kapital qoyuluşlarına görə birinci yerdədir

Bu ilin yanvar-iyun aylarında Macarıstanın MOL şirkətinin həyata keçirdiyi kapital qoyuluşlarının həcminə görə Azərbaycan birinci yeri tutub.

"Report" xəbər verir ki, bu barədə şirkətin bu ilin birinci yarısındakı fəaliyyətinin yekunlarına dair hesabatında bildirilib.

Məlumata görə, MOL-un dünyada (Macarıstan, Xorvatiya, İraq Kürdüstanı, Pakistan, Azərbaycan və s.) həyata keçirdiyi layihələrə ümumi əsaslı xərcləri ilin birinci yarısında 53,4 milyard macar forinti (147,1 milyon ABŞ dolları) təşkil edib. Kapital qoyuluşunun 90 %-dən çoxu, yəni 50 milyard forint və ya 138 milyon ABŞ dolları Mərkəzi Şərqi Avropa regionu və Azərbaycanda istifadə edilib.

Bununla yanaşı, bu ilin birinci yarısında şirkətin Azərbaycandakı əsaslı xərcləri 24,1 milyard forint (66,7 milyon ABŞ dolları) təşkil edib ki, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 1,2 % azdır. 23,3 milyard forint (64,5 milyon ABŞ dolları) işlənmə, 0,3 milyard forint (0,830 milyon ABŞ dolları) kəşfiyyat, 0,5 milyard forint (1,38 milyon ABŞ dolları) isə digər xərclərə yönəldilib.

Hesabat dövründə şirkətin dünya üzrə layihələrə yatırdığı bütün investisiyaların 45 %-i Azərbaycanın payına düşüb. Bununla da Azərbaycan bu ilin yanvar-iyun aylarında MOL şirkətinin həyata keçirdiyi kapital qoyuluşunun həcminə görə birinci yeri tutub. İkinci yerdə Xorvatiya (13,7 milyard forint və ya 37,9 milyon ABŞ dolları), üçüncü yerdə isə Macarıstan (12,2 milyard forint və ya 33,8 milyon ABŞ dolları) qərarlaşıb.

Qeyd edək ki, hazırda MOL şirkəti Azərbaycanda “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 9,57 %, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində isə 8,9 % paya malikdir. Şirkət 8 ölkədə istehsal, 14 ölkədə tədqiqat fəaliyyəti həyata keçirir.

44 - Tezliklə