Azərbaycan MOL-a kapital qoyuluşlarına görə lider olub

Energetika
  • 09 noyabr, 2024
  • 12:59
Azərbaycan MOL-a kapital qoyuluşlarına görə lider olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Macarıstanın MOL şirkətinin “upstream” sektoruna kapital qoyuluşlarının məbləğinə görə birinci yeri tutub.

“Report” bu barədə MOL-un rüblük hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, MOL-un 9 ay ərzində dünyada (Macarıstan, Xorvatiya, İraq Kürdüstanı, Pakistan, Azərbaycan və s.) həyata keçirilən layihələr üzrə “upstream” sektorda ümumi kapital xərcləri 228,7 milyon ABŞ dolları (9,5 % azalma) təşkil edib.

Ümumi kapital qoyuluşunun 92,6 milyon dolları Azərbaycanda xərclənib ki, bu da ötən ilin yanvar-sentyabr göstəricisindən 10,5 % azdır. O cümlədən 86,9 milyon ABŞ dolları işlənməyə, 3,4 milyon ABŞ dolları kəşfiyyata, 2,3 milyon ABŞ dollarl isə digər xərclərə sərf olunub.

Hesabat dövründə Azərbaycanda kapital qoyuluşları şirkətinə dünya üzrə layihələrə qoyduğu bütün investisiyaların 40,5 %-ni təşkil edib. Bununla da Azərbaycan lider olub. İkinci yerdə Xorvatiya (63,8 milyon ABŞ dolları), üçüncü yerdə isə Macarıstan (58,4 milyon ABŞ dolları) qərarlaşıb.

Hazırda MOL Azərbaycanda “Azəri-Çıraq-Günəşli” layihəsində 9,57 % və “Bakı-Tbilisi-Ceyhan” neft kəməri layihəsində 8,9 % payla təmsil olunur.

Şirkət 8 ölkədə istehsal və 14 ölkədə tədqiqat fəaliyyətləri həyata keçirir.