Kür çökəkliyində yerləşən yataqlarda neft hasilatı bərpa olunacaq

Energetika
  • 06 yanvar, 2021
  • 11:48
Kür çökəkliyində yerləşən yataqlarda neft hasilatı bərpa olunacaq

2021-ci ildə "Kürsəngi" və "Qarabağlı" yataqlarından 0,98 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, 2020-ci ildə yataqdan hasilat aparılmayıb. 2019-cu ildə isə bu göstərici 0,73 milyon barel təşkil edib ki, bu da bu ilin proqnoz göstəricisindən 34,24 % azdır.

Qeyd edək ki, Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən "Kürsəngi" və "Qarabağlı" yataqları müvafiq olaraq 1962-ci və 1960-ci illərdən istismar edilməyə başlayıb. "Azərbaycan Respublikasında "Kürsəngi" və "Qarabağlı" neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş 15 dekabr 1998-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Frontera Resorses" və "Delta/Hess" Ltd. şirkətləri arasında imzalanıb, 22 aprel 1999-cu il tarixində qüvvəyə minib. "Kürsəngi" və "Qarabağlı" neft yataqlarında işləri həyata keçirmək üçün "Salyan Oil" Ltd. əməliyyat şirkəti yaradılıb. 2002-ci ilin mart ayından "Frontera Resorses" və "Delta/Hess" Ltd. şirkətlərinin saziş paylarını Çin Milli Neft Korporasiyası (CNODC) alıb. Saziş sahəsi 450 km2-dır.

İşlənmə dövründə yataqlarda 808 quyu qazılıb ki, bunlardan 494 quyu "Kürsəngi", 314 quyu "Qarabağlı" yataqlarında yerləşir.

44 - Tezliklə