Azərbaycan Koreya və Sinqapura aviasiya yanacağı ixracını bərpa edib
- 15 dekabr, 2022
- 09:57
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycandan xaricə 120,591 milyon ABŞ dolları dəyərində 107 min 500 ton aviasiya yanacağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,6 dəfə, kəmiyyət olaraq – 73,3 % çoxdur.
Hesabat dövründə Lüksemburqa 62,225 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,9 dəfə çoxdur) 62 min 195 ton (+77 %), Rusiyaya 13,961 milyon ABŞ dolları dəyərində (+12 dəfə) 11 min 397 ton (+7 dəfə), Türkiyəyə 11,869 milyon ABŞ dolları dəyərində (+6,5 dəfə) 9 min 879 ton (+4 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 6,685 milyon ABŞ dolları dəyərində (+115 dəfə) 5 min 491 ton (+72 dəfə), Almaniyaya 2,665 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 2 min 226 ton (+2,5 dəfə) məhsul satılıb.
Dörd il 3 ayın tamamında Sinqapura, 2 il 7 aylıq fasilənin ardından Koreya Respublikasına tədarük bərpa edilib. Həmin ölkələr Azərbaycandan müvafiq olaraq 121,59 min ABŞ dolları dəyərində 97,67 ton və 220,84 min ABŞ dolları dəyərində 169,51 ton yanacaq alıblar.
Qeyd edək ki, ötən il Azərbaycanın ixrac etdiyi (55 ölkəyə) 84,61 min ton aviasiya yanacağının 56,5 % Lüksemburqun payına düşüb.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur.