Azərbaycan İtaliyaya təbii qaz ixrac edən ikinci ölkə olub
- 23 may, 2023
- 07:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu il İtaliyaya təbii qaz ixrac edən ikinci ölkə olub.
“Report”un “S&P Global Commodity Insights”ə istinadən verdiyi məlumata görə, bu il Azərbaycandan bu ölkəyə qaz ixracı 3,45 milyard kubmetr təşkil edib.
Məlumata görə, İtaliyaya qaz ixracında lider mövqeyi Əlcəzair tutub.
Belə ki, İtaliya Əlcəzair üçün əsas tədarük bazarını təşkil edir. Daha doğrusu, İtaliya həm uzunmüddətli təchizat razılaşmaları, həm də keçən il təxminən 4 milyard kubmetr olan spot bazarda “TransMed” boru kəməri vasitəsilə əlavə satışlar baxımından Əlcəzair üçün əsas bazardır.
“S&P Global”a görə, “TransMed” kəməri vasitəsilə İtaliya idxalı orta hesabla 61 milyon kubmetrdən bir qədər çox olub. 2022-ci ildə ölkə Əlcəzairdən ümumilikdə boru kəməri ilə 22,4 milyard kubmetr qazı idxal edib, 2021-ci ildə bu rəqəm təxminən 20 milyard kubmetr təşkil edib.
Mayın 18-nə olan məlumata görə, bu il Əlcəzair qazının idxalı 8,36 milyard kubmetr təşkil edib ki, bu da orta idxalın 8,33 milyard kubmetr olduğu keçən ilin eyni dövrü ilə müqayisədə bir qədər yüksək olub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə, Avropaya tədarük isə 11,4 milyard kubmetrə çatıb. Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Avropaya 3,9 milyard kubmetr (il ərzində 11,4 % artıb) qaz tədarük edilib.
Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.