Azərbaycan İtaliyaya satdığı qazın həcmini 6 %-dən çox artırıb
- 12 dekabr, 2023
- 06:43
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 7 milyard 568 milyon 184,7 min kubmetr təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İtaliyaya ixrac edilən təbii qazın dəyəri 6 milyard 693 milyon 051,69 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin 9 ayı ilə müqayisədə həcm baxımından 456 milyon 371,2 min kubmetr (6,42 %) çoxdur, məbləğ baxımından isə illik müqayisədə 2 milyard 218 milyon 830,72 min ABŞ dolları (24,1 %) azdır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, ümumiyyətlə 11 milyard 409 milyon 531,09 min ABŞ dolları dəyərində 20 milyard 420 milyon 595,61 min kubmetr həcmində təbii qaz ixrac edib. Azərbaycanın ümumi ixracında təbii qazın payı 43,07 % olub.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 % artım ilə) təşkil edib. 2022-ci ildə TAP vasitəsilə İtaliyaya qaz təchizatı 10,325 milyard kubmetr (43,1 % artım ilə) təşkil edib.
2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək.