Azərbaycan İtaliyaya satdığı neftdən qazancını 12 %-dək artırıb
- 22 dekabr, 2022
- 11:31
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan İtaliyaya 8 milyon 629 min 449,63 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 6 milyard 452 milyon 953,4 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 28,6 % az, dəyəri isə 11,8 % çoxdur.
Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 35,48 % olub.
Xatırladaq ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 milyon 318 min 448,83 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 18 milyard 318 milyon 642,45 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 336 milyon dolları ixracın, 12 milyard 881 milyon dolları isə idxalın payına düşüb.