Azərbaycan İtaliyaya qaz ixracını 10 %-dən çox artırıb

Energetika
  • 16 avqust, 2024
  • 06:30
Azərbaycan İtaliyaya qaz ixracını 10 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan İtaliyaya 4 milyard 900 milyon 341,08 min kubmetr qaz ixrac edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Bu dövrdə İtaliyaya tədarük edilən Azərbaycan qazının dəyəri 1 milyard 949 milyon 946,26 min ABŞ dolları təşkil edib.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin hesabat dövründə İtaliyaya qaz nəqlinin həcmi kəmiyyət ifadəsində 10,4 % artıb, dəyər ifadəsində 2,7 dəfə azalıb.

Ümumilikdə, bu ilin ilk 6 ayında Azərbaycan 4 milyard 068 milyon 547,13 min ABŞ dolları (azalma 1,97 dəfə) məbləğində 11 milyard 825 milyon 600,72 min kubmetr qaz (artım 7,9 %) ixrac edib.

Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP 3 ölkələrə Türkiyə, İtaliya və Bolqarıstan daxildir. Eyni zamanda, İtaliya Azərbaycandan ixrac edilən qazın ümumi həcminin 41,4 %-ni təşkil etməklə, Türkiyədən sonra Azərbaycan qazının ikinci alıcısı olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan İtaliyaya 8 milyard 052 milyon 416,09 min ABŞ dolları dəyərində 10 milyard 705 milyon 462 min kubmetr qaz ixrac edib ki, bu da kəmiyyət ifadəsində 2022-cü ilin göstəricisindən 30,4 % çox, dəyər ifadəsində isə 27,1 % azdır.

Azərbaycan qazının Cənub Qaz Dəhlizinin seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ixracına 2020-ci il dekabrın 31-dən başlanılıb. Bu günə qədər TAP-ın ötürücülük qabiliyyəti 12 milyard kubmetri ötüb. Bu göstərici 2027-ci ilin sonuna qədər 20 milyard kubmetrə çatdırılacaq.