Azərbaycan İtaliyaya qaz ixracını 10 dəfədən çox artırıb
- 17 aprel, 2024
- 11:07
Bu ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 1 milyard 599 milyon 251,8 min kubmetr qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
İtaliyaya tədarük edilən Azərbaycan qazının dəyəri 727 milyon 044,01 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İtaliyaya qaz nəqlinin həcmi kəmiyyət ifadəsində 10,3 dəfə və ya 1 milyard 443 milyon 812,26 min kubmetr artıb. Dəyər ifadəsində ixracın həcmi 4,8 dəfə və ya 576 milyon 763,97 min ABŞ dolları artıb.
Ümumilikdə bu ilin ilk iki ayında Azərbaycan 1 milyard 459 milyon 774,04 min ABŞ dolları (2,9 dəfə çox) dəyərində 3 milyard 953 milyon 658,45 min kubmetr qaz (3,3 dəfə çox) ixrac edib.
Azərbaycan 2023-cü ildə İtaliyaya 8 milyard 052 milyon 416,09 min ABŞ dolları dəyərində 10 milyard 705 milyon 462 min kubmetr qaz ixrac edib. Bu, 2023-cü ilin göstəricisindən kəmiyyət ifadəsində 2 milyard 494 milyon 741,9 min kubmetr (30,4 %) çoxdur, dəyər ifadəsində isə 2 milyard 992 milyon 914,03 min ABŞ dolları (27,1 %) azdır.
Xatırladaq ki, Azərbaycan qazının Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ixracına 2020-ci il dekabrın 31-dən başlanılıb. Bu günə qədər TAP-ın ötürücülük qabiliyyəti 12 milyard kubmetri ötüb, 2027-ci ilin sonuna qədər isə 20 milyard kubmetrə çatdırılacaq.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.