Azərbaycan İtaliyaya neft ixracını 21 %-dək azaldıb
- 20 iyun, 2022
- 10:17
Bu ilin yanvar-may aylarında Azərbaycandan İtaliyaya 4 milyon 737 min 557 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 3 milyard 327 milyon 937,37 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-may aylarında Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 20,8 % az, dəyəri isə 35,8 % çoxdur.
Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 41,6 % olub.
Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 383 min 685 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 8 milyard 058 milyon 720 min ABŞ dolları təşkil edib.
Ötən 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.