Azərbaycan İspaniyaya neft ixracından qazancını 51 % artırıb

Energetika
  • 24 dekabr, 2022
  • 07:02
Azərbaycan İspaniyaya neft ixracından qazancını 51 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan İspaniyaya 1 milyard 135 min 797,18 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 837 milyon 264,87 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan İspaniyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 10,6 % az, dəyəri isə 51,5 % çoxdur.

Azərbaycandan İspaniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,67 % olub.

Xatırladaq ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 milyon 318 min 448,83 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 18 milyard 318 milyon 642,45 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 336 milyon dolları ixracın, 12 milyard 881 milyon dolları isə idxalın payına düşüb.