Azərbaycan İndoneziyaya neft satışını 95 %-ə yaxın artırıb
- 20 sentyabr, 2024
- 05:58
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İndoneziyaya 261 min 305,33 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 153 milyon 687,47 min ABŞ dolları təşkil edib.
Ötən 8 ay ərzində Azərbaycandan İndoneziyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar-avqust göstəriciləri ilə müqayisədə 94,8 %, dəyəri isə 73,34 % çoxdur.
Bu ilin ilk 8 ayında Azərbaycandan İndoneziyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 1,59 % olub.
Xatırladaq ki. bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 16 milyon 475 min 802,81 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Ötən 8 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 10 milyard 308 milyon 018,86 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.