Azərbaycan ilə Serbiya arasında enerji sektorunda strateji tərəfdaşlıq müzakirə olunub
- 14 fevral, 2026
- 10:26
Azərbaycan və Serbiya arasında enerji əməkdaşlığı strateji xarakter daşıyır və regionun enerji təhlükəsizliyinə real töhfə verir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmiləri tərəfindən serbiyalı jurnalistlər üçün keçirilən brifinqində bildirilib.
Brifinq zamanı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və "SOCAR Balkan" şirkətinin icraçı direktoru Murad Heydərov media nümayəndələrinin Azərbaycan ilə Serbiya arasında enerji sektorunda strateji tərəfdaşlıq, regionun enerji təhlükəsizliyini gücləndirən layihələr və əməkdaşlığın perspektivləri ilə bağlı suallarını cavablandırıblar.
Xatırladaq ki, 15 noyabr 2023-cü ildə SOCAR və Serbiyanın "Srbijagas" şirkəti qaz satışı haqqında müqavilə imzalayıblar. Müqaviləyə görə, 2024-2026-cı illərdə Azərbaycandan Serbiyaya hər il 400 milyon kubmetrədək qazın nəqli nəzərdə tutulur. Bundan başqa, 26 sentyabr 2024-cü ildə SOCAR və "Srbijagas" arasında 1 noyabr 2024-cü ildən 1 aprel 2025-ci ilədək olan dövrdə Serbiyaya sutkada 1 milyon kubmetr həcmində əlavə Azərbaycan qazının tədarükünü nəzərdə tutan müqavilə imzalanıb. Azərbaycan Serbiyaya qaz tədarükü həcmini mərhələli şəkildə ildə 1 milyard kubmetrədək artırmağı planlaşdırır. 2026-cı ilin yanvarında Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç "Report"a bildirib ki, ölkəsi azad bazarda Azərbaycan neftini almağa davam etmək niyyətindədir.