Azərbaycan iki ayda TANAP ilə qaz nəqlini 12 %-dən çox artırıb

Energetika
  • 13 mart, 2025
  • 12:34
Azərbaycan iki ayda TANAP ilə qaz nəqlini 12 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Avropaya 1,9 milyard kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin iki ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.

2024-cü ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz satışı 0,2 milyard kubmetr və ya 9,5 % azalıb.

Ümumilikdə isə yanvar-fevral aylarında Azərbaycandan xaricə qaz satışı 3,8 milyard kubmetr təşkil edib ki, bu da daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 milyard kubmetr və ya 7,3 % azdır. Azərbaycandan Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə eyni qalıb, Gürcüstana isə 0,1 milyard kubmetr və ya 16,7 % azalıb.

Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 0,9 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 12,5 % çoxdur.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.