Azərbaycan I rübdə İtaliyaya TAP vasitəsilə tədarük etdiyi qazın həcmini açıqlayıb

Energetika
  • 29 may, 2024
  • 06:06
Azərbaycan I rübdə İtaliyaya TAP vasitəsilə tədarük etdiyi qazın həcmini açıqlayıb

Bu ilin yanvar-mart aylarında Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz tədarükü 2 milyard 595 milyon kubmetr təşkil edib.

Bu barədə “Report”a İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi məlumat verib.

“Ötən ilin yanvar-mart aylarında bu göstərici 2 milyard 451 milyon kubmetr olub. Beləliklə, cari ilin hesabat dövründə tədarükün həcmi 5,9 % artıb”, - məlumatda qeyd olunub.

Ümumilikdə, İtaliya 2024-cü ilin birinci rübündə 14 milyard 951 milyon kubmetr qaz (ötən ilin eyni dövrü ilə müqayisədə 7 % az) idxal edib. Eyni zamanda, bu ölkədə Azərbaycan qazının payı 17,4 % təşkil edib.

Nazirliyin məlumatına əsasən, martda Azərbaycan “mavi yanacağı”nın İtaliyaya tədarükü 882 milyon kubmetr təşkil edib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 % azdır.

Mart ayında İtaliyaya təbii qaz idxalı 5 milyard 667 milyon kubmetr (0,8 % çox) təşkil edib. Martda Azərbaycan qazının payı 15,6 % təşkil edib.

Nazirliyin məlumatına görə, 2023-cü ildə İtaliya Azərbaycandan TAP vasitəsilə 9 milyard 988 milyon kubmetr qaz alıb (2022-ci illə müqayisədə 3,2 % az).

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.

44 - Tezliklə