Azərbaycan I rübdə Bolqarıstana qaz ixracını təxminən 6 dəfə artırıb
- 23 may, 2024
- 13:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin birinci rübündə Azərbaycan Bolqarıstana 433 milyon 882,7 min kubmetr qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Statistik məlumatlara görə, hesabat dövründə Bolqarıstana tədarük edilən Azərbaycan qazının dəyəri 142 milyon 384,53 min ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi kəmiyyət ifadəsində 5,7 dəfə və ya 357 milyon 991,18 min kubmetr artıb. Dəyər ifadəsində artım 4,75 dəfə və ya 112 milyon 403,91 min ABŞ dolları olub.
Ümumilikdə, ilin ilk üç ayında Azərbaycan 1 milyard 752 milyon 107,96 min ABŞ dollarına (25,4 % az) 4 milyard 932 milyon 908,72 min kubmetr qaz (61,5 % çox) ixrac edib.
Ümumilikdə bu ilin birinci rübündə Azərbaycan 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz ixrac edib. Eyni zamanda, Azərbaycan qazının bütün ixracının 8,8 %-i Bolqarıstanın payına düşüb.
2023-cü ildə Azərbaycan Bolqarıstana 1 milyard 275,253 milyon kubmetr qaz (3,5 dəfə çox) 470 milyon 340,26 min ABŞ dollarına (97,7 % çox) ixrac edib.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.